

Çörəyin həmişə həzmə ziyan vurduğu və çəki artımına səbəb olduğu iddiası əsassızdır. Bu barədə həkim-endokrinoloq Veronika Neyudaxina açıqlama verib.
Həkimin sözlərinə görə, çörəkdəki mürəkkəb karbohidratlar orqanizmi uzun müddət enerji ilə təmin edir. Bundan əlavə, çörək B1, B2, B6 vitaminləri ilə zəngindir ki, bu da sinir sisteminin normal fəaliyyətini təmin edir. Eyni zamanda, onun tərkibində maqnezium və dəmir kimi elementlər var ki, bunlar ürək-damar sağlamlığını dəstəkləyir və qan dövranı prosesinə kömək edir.
Həkim çörəkdən maksimum fayda əldə etmək üçün şəkərsiz, süni dad artırıcıları olmayan və minimal əlavə maddələrlə hazırlanmış variantlara üstünlük verməyi məsləhət görür. O qeyd edib ki, çəkiyə ziyan vurmadan gündə iki standart dilim çörək yemək olar. Ən faydalı variant isə çörəyi kəsmik, yumurta, balıq, ət və tərəvəzlərlə birlikdə istehlak etməkdir.
Tam taxıl unundan çörək daha faydalıdır
Veronika Neyudaxina bildirib ki, ən faydalı çörək tam taxıl unundan hazırlanan çörəkdir. Bu məhsul taxılın qabığını, endospermini və toxumunu saxlayır. Belə çörək vitaminlər və bağırsaq fəaliyyətini yaxşılaşdıran liflə zəngindir.
“Belə çörək alarkən onun tərkibinə diqqət etmək vacibdir. Tərkib siyahısında ilk yerdə tam taxıl ununun göstərilməsi əsasdır. Bəzən istehsalçılar məhsulu tam taxıl çörəyi kimi təqdim edirlər, amma əslində, tərkibində adi ağ un üstünlük təşkil edir və tam taxıl ununun payı cəmi bir faiz ola bilər”, - deyə həkim məsləhət verib. https://daylinews-az.com/corek-haqqinda-meshur-mif-tekzib-edildi/
Comments
Post a Comment