

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib və "Turan Tovuz" klubuna 20 min manat məbləğində cərimə tətbiq edilib.
Daylinews-az.com-un verdiyi məlumata görə, cəzanın səbəbi klubun rəsmi "Facebook" səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna zərər gətirən, eləcə də bu qurumların və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan bəyanatın yayımlanması olub.
İntizam Komitəsinin qərarında bildirilir ki, 23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasının XXIV turunda keçirilən “Şamaxı” – “Turan Tovuz” oyunu öncəsi klub tərəfindən yayımlanan bəyanat AFFA və PFL-in idarəçilik və təşkilati fəaliyyətini gözdən salmağa yönəlib və futbol ictimaiyyəti arasında bu qurumların qərarlarının obyektiv olmadığı təəssüratını yaradıb.
AFFA və PFL-in müəyyən etdiyi qaydalara əsasən, oyunların təxirə salınması yalnız meydançanın oyuna yararsız olduğu və ya ciddi təhlükəsizlik riskləri mövcud olduğu hallarda mümkündür. Hava şəraitinin dəyişkənliyi, VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsaslı səbəb hesab edilmir.
AFFA “Turan Tovuz” klubunu bəyanatın yolverilməz olduğu barədə əvvəlcədən xəbərdar edib və məsələ ilə bağlı konkret sübutların təqdim edilməsini tələb edib. Lakin klub tərəfindən heç bir sübut təqdim olunmadığı üçün İntizam Komitəsi araşdırma aparmağa məcbur olub.
İntizam Komitəsi qeyd olunan halları nəzərə alaraq, klubun AFFA və PFL-in işgüzar nüfuzuna zərər gətirdiyi nəticəsinə gəlib və “Turan Tovuz” PFK-nı İntizam Komitəsi Əsasnaməsinin 2.4-cü bəndinə (maddə 47) əsasən 20000 (iyirmi min) manat məbləğində cərimə edib.
AFFA bir daha vurğulayıb ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını şübhə altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, belə hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər. https://daylinews-az.com/affa-turan-tovuza-sert-ceza-verdi-20-min-manat-cerime/
Comments
Post a Comment