İngiltərənin Dorset şəhərindən olan Tia-Li Strimer nadir xəstəlik səbəbindən gözlərini açıq saxlaya bilmir və onları skotçla yapışdırmağa məcbur qalır.

Tia-Li 2023-cü ilin may ayında səhər oyandıqda göz qapağının aşağı düşdüyünü fərq etdi və bunu allergiya ilə əlaqələndirdi. Lakin ilin sonuna doğru vəziyyəti pisləşdi və o, artıq gözlərini açmaqda çətinlik çəkməyə başladı.

Sauthempton Xəstəxanasında aparılan müayinələr nəticəsində ona blefarospazm diaqnozu qoyuldu. Bu, sinir sistemi ilə bağlı bir xəstəlikdir və göz qapaqları ətrafındakı əzələlərin qeyri-ixtiyari şəkildə yığılmasına səbəb olur. Ağır hallarda isə pasiyentlər gözlərini heç cür aça bilmir.

Hazırda Tia-Li müalicə üçün botoks inyeksiyalarından istifadə edir. İlk dəfə 2023-cü ilin mart ayında ona tətbiq edilən bu prosedur göz əzələlərini rahatlaşdırır, lakin təsiri cəmi 3-5 həftə davam edir. Növbəti doza üçün gözlədiyi müddətdə isə qadın ya gözlərini skotçla açıq saxlayır, ya da əlləri ilə dəstəkləyir.

"Botoks təsirini itirəndə heç nə görə bilmirəm. Gün işığı, avtomobil faraları və ya kompüter ekranları gözlərimin bağlanmasına səbəb olur", - deyə o bildirib.

Həkimlər bildiriblər ki, uzunmüddətli botoks istifadəsi gözlərə zərər verə bilər və bədən zamanla inyeksiyalara reaksiya verməyə bilər. Bu xəstəlik onun həyat planlarını da tamamilə dəyişib – mühasibatlıq üzrə təhsil alan Tia-Li görmə problemlərinə görə işindən ayrılmaq məcburiyyətində qalıb.

Hazırda xəstə və həkimlər botoks dozalarının optimal balansını tapmağa çalışır və digər müalicə üsulları üzərində araşdırmalar aparırlar. https://daylinews-az.com/?p=4370

Comments

Popular posts from this blog