

30 Mart – Beynəlxalq Tullantısız Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyənin təşəbbüsü ilə xüsusi sessiya keçirilib. Daylinews-Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev çıxış edib.
Diplomat "Sıfır tullantı" təşəbbüsünün əhəmiyyətini vurğulayaraq, bu ideyanın COP29 zamanı geniş beynəlxalq dəstək qazandığını bildirib. O, Türkiyənin bu sahədəki liderliyini yüksək qiymətləndirib və xüsusilə birinci xanım Əminə Ərdoğanın şəxsi səylərini qeyd edib.
Tofiq Musayev Azərbaycanın tullantısız gələcək istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, "sıfır tullantı" konsepsiyası Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq və daha yaşıl planet qurmaq yolunda əsas prinsip kimi qəbul olunur.
Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi mühüm addımlar sırasında aşağıdakılar yer alır:
- Yerli dövri iqtisadiyyat layihələrinin təşviqi
- Davamlı tekstil istehsalının dəstəklənməsi
- Təhsil və innovasiyalar vasitəsilə tullantıların azaldılması
Diplomat həmçinin qeyd edib ki, COP29 zamanı Azərbaycan və Yaponiya Yaşıl Zonada birgə pavilyon açaraq ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa sadiqliyini nümayiş etdirib.
COP29 çərçivəsində aşağıdakı mühüm sənədlər qəbul olunub:
- Metan emissiyalarının azaldılmasına dair Bəyannamə – orqanik tullantılardan qaynaqlanan metan qazının azaldılması üçün kompleks tədbirlərin vacibliyini vurğulayır
- Dayanıqlı və sağlam şəhərlər üçün sektorlararası tədbirlərə dair Bəyannamə – şəhər mühitində iqlim siyasətinin əlaqələndirilməsini və maliyyələşmənin artırılmasını hədəfləyir
Tofiq Musayev onu da əlavə edib ki, 2026-cı ildə Azərbaycan 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Bu forum sıfır tullantı təşəbbüslərinin irəlilədilməsi, iqlimə davamlı şəhərlərin qurulması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm platforma olacaq. https://daylinews-az.com/?p=5527
Comments
Post a Comment