Argentina Braziliyanı darmadağın edərək DÇ-2026-ya vəsiqəni təmin etdi
Argentina milli komandası 2026-cı il dünya çempionatına qatılacaq ilk Cənubi Amerika ölkəsi oldu. Buenos-Ayresdə baş tutan vəsiqə oyununda Argentina millisi Braziliyanı 4:1 hesabı ilə məğlub edərək məqsədinə vaxtından əvvəl çatdı.

Daylinews-az.com-un məlumatına əsasən, qarşılaşmanın qəhrəmanları arasında Xulian Alvares (4-cü dəq.), Enso Fernandes (12), Aleksis Makallister (37) və Culiano Simeone (71) yer aldı. Braziliya yığmasının təsəlli qolunu Mateus Kunha 26-cı dəqiqədə vurdu.

Bu qələbə nəticəsində Argentina liderliyini qoruyaraq reqlamentə uyğun olaraq ilk 6-lıqdan aşağı düşə bilməyəcək və beləliklə, mundiala avtomatik vəsiqə qazandı. Hazırda dünya çempionu statusuna malik olan Argentina millisi, 2026-cı ildə titulunu qorumağa çalışacaq.

DÇ-2026: Yeni format, yeni tarixlər

FIFA-nın qərarı ilə 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnir 11 iyun – 19 iyul tarixləri arasında Kanada, Meksika və ABŞ-da təşkil olunacaq. Açılış oyunu Mexikoda, final isə Nyu-Yorkda oynanılacaq.

Avropa zonası üzrə təsnifat mərhələsi 2025-ci ilin martında başlayacaq və bir il davam edəcək. Qrup liderləri birbaşa final mərhələsinə çıxacaq, digər komandalar pley-offda qüvvəsini sınayacaq.

Qitələr üzrə iştirakçı sayı belə müəyyən edilib:

- Cənubi Amerika: 6 komanda

- Asiya: 8 komanda

- Afrika: 9 komanda

- Şimali və Mərkəzi Amerika: 6 komanda

- Okeaniya: 1 komanda

- Qitələrarası pley-offdan: 2 komanda

Final mərhələsində 12 qrup olacaq və hər qrupdan ilk iki yerin sahibləri ilə yanaşı, ən yaxşı səkkiz 3-cü yer sahibləri 1/16 finala vəsiqə qazanacaqlar. https://daylinews-az.com/argentina-braziliyani-darmadagin-ederek-dc-2026-ya-vesiqeni-temin-etdi/

Comments

Popular posts from this blog