

Martın 29-da İstanbulun müxtəlif bölgələrində on minlərlə insan küçələrə çıxaraq şəhər meri Əkrəm İmamoğlunun həbsinə etiraz edib. Ona qarşı korrupsiya və terrorizmi dəstəkləmək kimi ağır ittihamlar irəli sürülüb, lakin müxalifət bu prosesin siyasi motivli olduğunu bildirir.
Reuters xəbər agentliyinin məlumatına görə, şənbə günü keçirilən “İmamoğluya Azadlıq” adlı kütləvi mitinqə yüz minlərlə insan qatılıb. Aksiyada iştirak edənlər Türkiyə bayraqları və plakatlarla meydanlara axışıb. Polis qüvvələri ərazidə təhlükəsizliyi gücləndirib.
Etiraz aksiyası müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən təşkil olunub. Partiyanın lideri Özgür Özəl mitinqdə çıxış edərək qeyd edib: “Türkiyənin milyonlarla vətəndaşı İmamoğlunun azad edilməsini və azad seçkilərin keçirilməsini istəyir.”
Özəl, İstanbul bələdiyyə sədrinə qarşı yönələn ittihamları əsassız və siyasi məqsədli adlandıraraq, hakimiyyətə dəstək verən media və şirkətlərin boykot edilməsinə çağırıb. Onun sözlərinə görə, bu həbslər xalqın iradəsinə qarşı açıq hücumdur.
Mitinq zamanı izdihamın alqışları fonunda İmamoğlunun göndərdiyi məktub səsləndirilib:
“Qorxmuram. Çünki siz mənimləsiniz. Qorxmuram, çünki bu millət bir yumruq kimidir. Zülmə qarşı birləşən xalq, nə qədər maneə olsa da, onların hamısını dağıtmağa qadirdir.”
Reuters qeyd edir ki, nümayişlər zamanı azı 2 min nəfər saxlanılıb. The Guardianın məlumatına görə, saxlanılanlar arasında jurnalistlər də var. Onlardan biri İstanbul bələdiyyəsi qarşısında baş verən hadisələri işıqlandırarkən həbs olunub, digərləri isə səhər reydləri zamanı tutulub.
Disk-Basin-İş peşəkar jurnalistlər birliyi ən azı 8 reportyor və fotojurnalistin saxlanıldığını bildirərək, bunu “mətbuat azadlığına və cəmiyyətin informasiya alma hüququna yönəlmiş hücum” kimi qiymətləndirib.
Etirazlar fonunda sosial şəbəkələr də təzyiqlərlə üzləşib. Medianın yazdığına görə, X platforması (əvvəllər Twitter) müxalifətə aid bir sıra hesabları bloklayıb. Platformanın açıqlamasında isə bildirilir ki, əksinə, Türkiyə hökumətinin 700-dən artıq hesabın bağlanması ilə bağlı müraciətləri rədd edilib. Bu hesablara jurnalistlər, siyasətçilər, tələbələr və media qurumları daxildir.
Türkiyədə nə baş verir?
İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra ölkənin bir çox bölgəsində etirazlar baş qaldırıb. Bu hadisə, onun 2028-ci il prezident seçkilərində namizədliyinin elan olunmasından əvvəl baş verib. İmamoğlu, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın ən güclü rəqibi kimi görülürdü.
Müxalifət lideri Özgür Özəlin çağırışı ilə ölkənin hər yerindən insanlar İstanbula axışıb. Al Jazeeranın məlumatına görə, CHP tərəfindən təşkil olunan ilkin prezident seçkilərində 15 milyon seçici İmamoğlunu dəstəkləyib. Ərdoğan hökuməti isə İmamoğlunun həbsinin siyasi motivli olmadığını iddia edir və məhkəmələrin müstəqil olduğunu vurğulayır.
Beynəlxalq ictimaiyyətin reaksiyası da sərt olub. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Türkiyəni demokratik dəyərlərə hörmət göstərməyə çağırıb. Almaniyanın xarici işlər naziri Annalena Baerbock isə bu həbsi “demokratiyaya vurulan zərbə” adlandırıb. https://daylinews-az.com/turkiyede-imamoglunun-hebsi-etirazlara-sebeb-oldu-kutlevi-numayisler-davam-edir/
Comments
Post a Comment