

Misirin Hurqada sahilləri yaxınlığında içərisində əsasən rusiyalı turistlərin olduğu ekskursiya batiskafı batıb. Mash xəbər platformasının 27 mart tarixli məlumatına görə, hadisə səhər saatlarında, sahildən təxminən bir kilometr məsafədə baş verib. Batiskaf sualtı ekskursiya zamanı qəzaya uğrayıb.
Gəmidə ekipaj üzvləri ilə yanaşı, Rusiyadan gəlmiş 45 turist olub. Onlar Misirə Biblio Qlobus turizm şirkətinin təşkil etdiyi səfərlə gəliblər. Məlumata görə, sərnişinlər arasında uşaqlar da var idi.
Hadisə nəticəsində ölənlərin dəqiq sayı ilə bağlı fərqli rəqəmlər yayılıb. TASS agentliyi Rusiyanın Hurqadadakı baş konsulu Viktor Voropayevə istinadla 4 nəfərin həyatını itirdiyini təsdiqləyib. Lakin BBC-nin mənbələri azı 6 nəfərin öldüyünü və 9 nəfərin yaralandığını bildirir.
Hadisə zamanı 29 nəfər xilas edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan dördünün vəziyyəti kritik qiymətləndirilir.
Batmış gəminin Sindbad adlandığı və uzun illərdir turist daşımalarında istifadə olunduğu qeyd olunur. Qəzanın səbəbləri və texniki nasazlıqla bağlı araşdırmalar davam edir. https://daylinews-az.com/misirde-turistlerle-dolu-batiskaf-batdi-olen-ve-yaralananlar-var/
Comments
Post a Comment