Gürcüstan məhkəməsi Saakaşviliyə yeni hökm oxudu – cəzası 12,6 ilə çatdı
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini daha 4 il 6 ay həbs cəzasına məhkum etdi. Ona 2021-ci ildə Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham irəli sürülüb. Bu qərarla birlikdə onun ümumi həbs müddəti 12 il 6 ay oldu.

Cəzanın artırılmasının səbəbi nədir?

Gürcüstanda bir neçə hökm alan şəxslər üçün "cəzanın birləşdirilməsi prinsipi" tətbiq edilir. Lakin xüsusi hallarda məhkəmə bu prinsipi yalnız qismən tətbiq edə bilər. Məhkəmə Saakaşviliyə daha əvvəl verilmiş 9 illik həbs cəzasının 8 ilini yeni hökmlə birləşdirərək cəzanın müddətini artırıb.

Saakaşvili məhkəmə iclasında iştirak etməyib və hazırda onun haqqında 4 ayrı məhkəmə hökmü qüvvəyə minib:

- 17 mart 2025 – 4 il 6 ay həbs (Gürcüstan sərhədini qanunsuz keçmə ittihamı)

- 14 mart 2025 – 9 il həbs (büdcə vəsaitlərinin israfı, "pencək işi" kimi tanınan məhkəmə prosesi)

- 2018 – 6 il həbs (səlahiyyətlərdən sui-istifadə, 2006-cı ildə Sandro Girqvliyaninin qətlində ittiham olunan polis əməkdaşlarının əfv edilməsi)

- 2018 – 3 il həbs (2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsi işi)

Gələcəkdə yeni ittihamlar gözlənilir

Bundan əlavə, Saakaşviliyə qarşı 2007-ci il noyabrın 7-də müxalifət mitinqinin zorla dağıdılması ilə bağlı iş açılıb. O, bu hadisəyə görə səlahiyyət həddini aşmaq və zor tətbiq etməkdə ittiham olunur. Əgər məhkəmə onu bu maddə üzrə günahkar bilsə, daha 5 ildən 8 ilə qədər həbs cəzası ala bilər.

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu" dəfələrlə bəyan edib ki, Saakaşvilini 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə görə də məsuliyyətə cəlb etmək niyyətindədir. Ölkə parlamentində "dövlətə xəyanət" maddəsinin yenidən Cinayət Məcəlləsinə qaytarılması məsələsi müzakirə olunur və bu, Saakaşviliyə qarşı yeni ittihamların irəli sürülməsinə səbəb ola bilər.

Saakaşvili ittihamları siyasi motivli hesab edir

Saakaşvili ona qarşı irəli sürülən bütün ittihamların siyasi motivli olduğunu bildirir. O, artıq 3,5 ildir həbsdədir və bu müddətin böyük hissəsini Vivamed xəstəxanasında penitensiar sistemin nəzarəti altında keçirib.

Hakimiyyətin növbəti addımları və Saakaşvilinin gələcək taleyi hələ də sual altındadır. https://daylinews-az.com/gurcustan-mehkemesi-saakasviliye-yeni-hokm-oxudu-cezasi-126-ile-catdi/

Comments

Popular posts from this blog