

Bakı Metropoliteni sərnişin axınının daha səmərəli idarə olunması və xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin tam müstəqilliyini təmin etmək üçün genişmiqyaslı islahatlara başlayıb.
Hazırda Bakı metrosu üç xətdən – qırmızı, yaşıl və bənövşəyi xətlərdən ibarətdir. Bunlardan yalnız bənövşəyi xətt tam müstəqil işləyir. Qırmızı və yaşıl xətlər isə "28 May" stansiyasında birləşərək eyni platformadan istifadə edir, bu isə hərəkət intervallarını artırır və platformalarda sıxlıq yaradır.
Yaşıl və qırmızı xətlər ayrılır
Problemin kökündən həll olunması üçün yaşıl və qırmızı xətlərin tam ayrılması qərara alınıb. Bu məqsədlə “Dərnəgül” elektrik deposunun tikintisi aparılır. Depo yaşıl xəttin texniki müstəqilliyini təmin edəcək.
Növbəti mərhələdə “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin inşasına start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modernləşdiriləcək, əlavə 200 metrlik tunel çəkiləcək və yaşıl xəttin tam müstəqil rejimdə işləməsinə şərait yaradılacaq.
Tikinti işləri mürəkkəb geoloji şəraitdə aparılacaq və təxminən 10-11 ay davam edəcək. Layihənin sürətli və təhlükəsiz icrası üçün bütün texniki resurslar səfərbər olunacaq.
Sərnişinləri nə gözləyir?
Yeni tunelin inşasına paralel olaraq “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən piyada keçidinin də tikintisinə hazırlıq gedir. Əsas mərhələ olan tunel tikintisi 2025-ci ilin sonuna planlaşdırılır.
Bu mərhələdə sərnişinlərin hərəkət qaydalarında dəyişikliklər olacaq:
- “Dərnəgül” istiqamətindən gələnlər "Nizami"də düşərək qırmızı xəttə keçmək üçün alternativ nəqliyyatdan istifadə etməlidirlər.
- “Əzizbəyov” (keçmiş “Əziz Aslanov”) istiqamətindən gələnlər isə "28 May"da enərək yaşıl xəttə keçməlidirlər.
“İçərişəhər” – “28 May” – “Əzizbəyov” marşrutu əvvəlki qaydada davam edəcək, yalnız intervallar azaldılacaq və xidmət keyfiyyəti artırılacaq.
Ekspress avtobuslar və rahat keçidlər
Sərnişinlərin narahatlığını minimuma endirmək üçün ekspress avtobusların təşkili nəzərdə tutulur. Bu barədə ictimaiyyətə qabaqcadan məlumat veriləcək.
Hazırkı şəraitdə “28 May” stansiyasında eyni platformada həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə qatarların növbələşməsi sərnişin axınında çətinliklər yaradır. Xətlərin ayrılmasından sonra bu xaotik vəziyyət aradan qalxacaq:
- “28 May” yalnız “İçərişəhər” və “Əzizbəyov” istiqamətinə xidmət göstərəcək.
- “Cəfər Cabbarlı” isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə.
İki stansiya arasında rahat keçid imkanı ilə sərnişinlər marşrutlarını asanlıqla dəyişə biləcəklər.
Yekunda nə qazanacağıq?
- Platformalarda sərnişin sıxlığı azalacaq.
- Gözləmə müddəti azalacaq.
- Qatarların hərəkət intervalı tədricən azaldılacaq.
- Metronun illik daşıma gücü 16 milyon sərnişinədək artacaq.
- Şəhərdaxili nəqliyyatda yüklənmə azalacaq.
Bakı Metropoliteni bu transformasiya dövründə sərnişinlərin anlayışına görə təşəkkür edir və daha səmərəli metro sisteminə keçid üçün bütün gücü ilə çalışır. https://daylinews-az.com/?p=5927
Comments
Post a Comment