Çində sabiq vitse-premyerin oğluna qarşı korrupsiya araşdırması başlanıb
Çin maliyyə dairələrinin tanınmış simalarından biri olan və Skycus Capital investisiya şirkətinin qurucusu sayılan Lyü Tyanjan korrupsiyada şübhəli bilinərək istintaqa cəlb olunub. Məlumatı Financial Times nəşri öz mənbələrinə istinadla yayıb.

Lyünün atası Lyü Xe 2018–2023-cü illərdə Çin Xalq Respublikasının vitse-premyeri olub və ölkənin iqtisadi strategiyalarında əsas söz sahibi kimi tanınıb. O, eyni zamanda, dövlət başçısı Si Tszinpinə yaxınlığı və ABŞ-la danışıqlarda iştirakına görə “Çinin iqtisadi çarı” adlandırılıb.

FT-nin məlumatına əsasən, Lyü Tyanjan artıq saxlanılıb. İki digər mənbənin bildirdiyinə görə, istintaq altı aydan çoxdur davam edir və Jack Ma tərəfindən təsis olunan Ant Group-un 37 milyard dollarlıq IPO planı ilə əlaqəlidir. Bu IPO 2020-ci ildə Si Tszinpinin şəxsi göstərişi ilə dayandırılmışdı.

İstintaq çərçivəsində hökumət bir-biri ilə əlaqəsi olmayan korrupsiya halları aşkarlayıb və bu barədə Çin rəhbərliyinə məlumat verilib.

Qeyd edək ki, Lyü Tyanjan Skycus-un rəhbəri vəzifəsini 2017-ci ilin aprelində tərk edib. Bu, atasının Çin Kommunist Partiyasının 25 nəfərlik Politbürosuna daxil edilməsindən təxminən yarım il əvvəl baş verib. Sonradan Lyü Xe vitse-premyer postuna təyin olunub və ölkənin maliyyə sahəsinə nəzarət etməyə başlayıb.

2021-ci ildə Skycus şirkətinə yaxın mənbələr FT-yə açıqlamalarında Lyü Tyanjanın hələ də şirkətin sövdələşmələrində rol oynadığını bildiriblər. Skycus, həmçinin, Çin texnologiya nəhəngləri Tencent və JD.com ilə də əməkdaşlıq edib.

Si Tszinpinin 2023-cü ilin yazında yenidən ölkə rəhbəri seçilməsindən sonra Çində antikorrupsiya tədbirləri xeyli gücləndirilib. Təkcə 2024-cü ildə 889 min məmura qarşı müxtəlif cəza tədbirləri görülüb ki, bu da əvvəlki illə müqayisədə 46% çoxdur. Bundan əlavə, Şanxay və Şençjen birjalarında listinqdə olan 80-dən çox şirkətin rəhbərləri saxlanılıb. https://daylinews-az.com/cinde-sabiq-vitse-premyerin-ogluna-qarsi-korrupsiya-arasdirmasi-baslanib/

Comments

Popular posts from this blog