

Cənubi Koreyada prezident Yun Sok Yolun vəzifədən kənarlaşdırılmasından sonra hökumət iyunun 3-də növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır. Bu barədə Yonhap agentliyi hökumət daxilindəki mənbələrə istinadən məlumat yayıb.
Seçkilərin tarixi Kabinetin müzakirəsinə çıxarılacaq
Mənbənin verdiyi məlumata görə, seçki tarixi 8 aprel tarixində keçiriləcək hökumət iclasında rəsmi şəkildə açıqlana bilər. Hökumət üzvləri bu toplantıda seçki gününün təyin olunması və həmin gün qeyri-iş günü elan olunması məsələsini müzakirə edəcək.
"Seçki tarixinin Kabinet tərəfindən təyin olunması ilə bağlı qanunda birbaşa tələb yoxdur. Lakin bu, ölkə üçün əhəmiyyətli qərar olduğundan məsələ hökumət iclasında gündəmə gətiriləcək", – deyə mənbə bildirib.
Hazırda prezident səlahiyyətlərini baş nazir Han Dok Su icra edir. O, Konstitusiyaya əsasən, prezidentin vəzifədən uzaqlaşdırılmasından sonra 10 gün ərzində seçkilərin tarixini elan etməlidir – bu müddət 14 aprel tarixində başa çatır.
Hərbi vəziyyət elan olundu, ardınca siyasi böhran başladı
2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. O, müxalifəti parlamentə nəzarət etməkdə və hökumətin fəaliyyətini iflic etməkdə ittiham edərək bu addımı atmışdı. Lakin cəmi 6 saat sonra hərbi vəziyyəti ləğv etmişdi.
5 dekabrda ölkənin müdafiə naziri Kim Yon Hyon istefa verib və hərbi vəziyyətin tətbiqinə görə məsuliyyəti öz üzərinə götürüb.
14 dekabrda parlament ikinci cəhddə prezident Yun Sok Yolun impiçmentini təsdiqləyib. Bu qərarı 204 deputat dəstəkləyib. 15 yanvarda isə prezident hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Onun barəsində Seul dairə məhkəməsi tərəfindən 18 yanvarda rəsmi həbs qərarı verilib.
Daha sonra, 8 mart 2025-ci ildə Yun Sok Yolun həbsi ləğv edilib və o, həbsxanadan azad olunub. Lakin aprel ayının əvvəlində konstitusiya məhkəməsi onun prezidentlik səlahiyyətlərini tamamilə ləğv edib. https://daylinews-az.com/cenubi-koreyada-prezident-seckileri-iyunun-3-ne-teyin-oluna-biler-yonhap/
Comments
Post a Comment