

İspaniya və Portuqaliyada baş verən genişmiqyaslı elektrik kəsintisindən sonra, bu ölkələrin əksər bölgələrində enerji təchizatı bərpa edilib.
İspaniyada vəziyyət
El Pais və El Confidencial qəzetlərinin Red Eléctrica şirkətinə istinadən verdiyi xəbərə görə, İspaniyada elektrik enerjisinin bərpası 99,16% səviyyəsinə çatıb. İspaniyanın Nüvə Təhlükəsizliyi Şurası bütün atom elektrik stansiyalarının fövqəladə hallar üzrə daxili planlarını ləğv etdiyini və normal iş rejiminə qayıtdığını bildirib.
Bununla belə, ölkənin bir çox bölgələrində mobil rabitə və internetə çıxış problemləri hələ də davam edir.
Nəqliyyat sisteminin bərpası
Madrid metrosu səhər saat 8:00-dan etibarən fəaliyyətini bərpa edib, lakin 7A xətti istisnadır. Qalan metro xətlərində isə qatarların 80%-i adi rejimdə işləyəcək. Barselona metrosu da normal fəaliyyətini bərpa edib.
Nəqliyyat naziri Oscar Puente bildirib ki, yüksək sürətli qatar xətləri çərşənbə axşamı günü yenidən istifadəyə veriləcək, bəzi transferlər istisna olmaqla.
Sicnoticias agentliyinin verdiyi məlumata görə, Portuqaliyada elektrik enerjisinin 80%-dən çoxu bərpa olunub.
Böyük kəsinti və araşdırmalar
Xatırladaq ki, 28 aprel tarixində günorta saatlarında Portuqaliya, İspaniya və Andorrada böyük elektrik kəsintisi baş vermişdi. Bundan əlavə, Fransanın bəzi bölgələrində də işıqlar sönmüşdü. Enerji təchizatının bərpasına gecə saatlarında başlanılmışdı.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil, lakin səlahiyyətlilər kibertəhlükəsizlik hücumu izlərinə rast gəlmədiklərini bildiriblər. https://daylinews-az.com/ispaniya-ve-portuqaliyanin-boyuk-hissesinde-elektrik-enerjisi-berpa-olunub/
Comments
Post a Comment