Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi
28 may – Müstəqillik Günü münasibətilə Laçında yerləşən yeni beynəlxalq hava limanının açılış mərasimi keçirildi. Daylinews-az.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Dövlət başçıları simvolik açılış lentini kəsib və hava limanının rəmzi açarları onlara təqdim olunub.

Yüksək texnologiyalı hava limanı

Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq statuslu hava limanıdır. Bundan əvvəl Füzuli və Zəngilan hava limanları istifadəyə verilmişdi. Laçın hava limanının tikintisinə 2021-ci ilin avqustunda başlanılıb. Hava limanı mürəkkəb dağ relyefində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir və bu, onu ölkənin ən yüksəkdə yerləşən hava limanı edir.

Burada uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı inşa olunub. 5000 kvadratmetrlik terminal binası saatda 200 sərnişin qəbul edə bilir. Terminalda VIP zal, qeydiyyat, təhlükəsizlik sistemləri, baqaj lentləri, ticarət və iaşə obyektləri fəaliyyət göstərəcək.

Region üçün strateji əhəmiyyət

Laçın şəhərindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən 60 km məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Eyni zamanda, bu layihə turizm potensialının da artmasına töhfə verəcək.

"Dost" Aqropark təqdim olundu

Daha sonra Azərbaycan və Türkiyə prezidentləri Laçında fəaliyyət göstərən "Dost" Aqroparkın məhsulları ilə tanış olublar. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən yaradılan bu aqroparkda ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpa olunan enerji və davamlı inkişaf prinsipləri əsas götürülür. Hal-hazırda burada 120 nəfər çalışır, layihənin tam istifadəyə verilməsindən sonra isə 500 nəfərin işlə təmin olunması planlaşdırılır. https://daylinews-az.com/lacin-beynelxalq-hava-limaninin-acilis-merasimi-kecirildi/

Comments

Popular posts from this blog