UEFA Konfranslar Liqasının 2024/2025 mövsümünün finalında İngiltərənin “Çelsi” komandası İspaniyanın “Betis” klubunu 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi oldu. Görüş 28 may tarixində Polşanın Vrotslav şəhərində baş tutdu.

Bu uğurla “Çelsi” Avropa futbol tarixində bütün mövcud avrokubokları qazanan ilk klub statusunu qazandı.

İlk hissədə “Betis” üstün idi

Oyun “Çelsi” üçün asan başlamadı. Artıq 9-cu dəqiqədə Əbdüssəməd Ezzalzuli dəqiq zərbə ilə “Betis”i hesabda önə çıxardı. Bir qədər sonra Mark Bartranın uzaq məsafədən zərbəsini “Çelsi”nin qapıçısı Filip Yorqensen uğurla dəf etdi.

İngiltərə təmsilçisi ilk hissədə topa 65% sahib olsa da, real qol vəziyyəti yarada bilmədi.

İkinci hissədə kapitan oyunu dəyişdi

İkinci hissədə oyuna daxil olan kapitan Ris Ceyms “Çelsi”nin hücum potensialını artırdı. 65-ci dəqiqədə Koul Palmerin ötürməsindən sonra Ceyms başla qola imza ataraq hesabı bərabərləşdirdi. Altı dəqiqə sonra yenidən Palmerin məhsuldar ötürməsi ilə Nikolaz Cekson “Çelsi”ni önə keçirdi – 2:1.

“Çelsi” tempi saxlamadı – daha iki qol

83-cü dəqiqədə əvəzləmədən meydana daxil olan Ceydon Sanço və Kirnan Düsberi-Hol kombinasiyası ilə üçüncü qolu reallaşdırdılar. Oyunun son dəqiqələrində isə Moyzes Kaysedo fərqlənərək yekun hesabı müəyyənləşdirdi – 4:1.

Londonda əsl bayram

“Çelsi”nin bu qələbəsi komandanın Konfranslar Liqası, Çempionlar Liqası, Avropa Liqası, Kuboklar Kuboku və UEFA Superkuboku daxil olmaqla bütün UEFA turnirlərini qazanan ilk klub olmasını təmin etdi.

Qeyd edək ki, bu mövsümdə başqa bir London klubu — “Tottenhem” də uğur əldə edərək Avropa Liqasının finalında “Mançester Yunayted”i məğlub edib son 17 ildə ilk kubokunu qazanmışdı. https://daylinews-az.com/celsi-konfranslar-liqasinin-finalinda-betisi-darmadagin-etdi-ve-tarix-yazdi/

Comments

Popular posts from this blog