

Azərbaycanda bank kreditləri götürən şəxslərin işini itirməsi vəziyyətlərində maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni sığorta mexanizmi hazırlanır. Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkil etdiyi “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzulu tədbirdə bu barədə ətraflı məlumat verib. Bu təşəbbüs borcalıların çətin vəziyyətlərdə kredit ödənişlərini davam etdirməsinə kömək edəcək.
“Bildiyiniz kimi borcalanların həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası tətbiq olunur. AMB bununla əlaqədar qaydalar qəbul edib və bu sığorta məhsulu uğurla tətbiq edilməkdədir. Eyni zamanda kredit götürən şəxslərin işsiz qalmaqdan sığortalanması üzərində iş gedir, yəni iş tapanadək borcalanın kredit üzrə ödənişlərini sığorta şirkəti qarşılaya bilər. Bu məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır. Yəqin ki, yaxın aylarda bu məhsulla bağlı yenilikləri görə biləcəyik”, - AMB-nin rəsmisi qeyd edib. Hazırda bu yenilik əsasən istehlak kreditləri üçün nəzərdə tutulur və gələcəkdə biznes kreditlərinə də genişləndirilməsi planlaşdırılır. AMB-nin 2024-cü ildə təsdiq etdiyi qaydalara görə, artıq banklar kredit verərkən həyat və əmək qabiliyyəti sığortasını təklif etməli, sığorta müddəti isə kredit qalan müddətinə uyğunlaşdırılmalıdır.
Bu təşəbbüs Azərbaycanda kreditləşmənin sürətli artımı fonunda xüsusi əhəmiyyət kəsb edir. Məsələn, həyat sığortası qaydalarına əsasən sığorta məbləği borcun minimum faktiki həcmindən başlayaraq 110 faizə qədər ola bilər ki, bu da əlavə faizlər və cərimələri əhatə edir. Əlilliyi olan şəxslər üçün xüsusi asanlıqlar nəzərdə tutulub, elektron sistemlər isə sığorta müqavilələrinin yoxlanmasını sadələşdirəcək. Beləliklə, borcalılar işsiz qaldıqda sığorta şirkəti ödənişləri üstlənərək maliyyə yükünü yüngülləşdirəcək.
Comments
Post a Comment