

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz Regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib. Nazir öz sosial şəbəkə hesabında forumda təqdim etdiyi məruzədən danışıb.
R.Nəbiyev bildirib ki, böyük dəhliz layihələrinin qarşısında duran əsas çətinliklər qlobal sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın zəif inkişafı və infrastruktur problemləridir. O, Azərbaycanın strateji mövqeyinin, siyasi sabitliyinin və iqtisadi şaxələndirməsinin ölkəni etibarlı və cəlbedici investisiya məkanına çevirdiyini vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında sürətli, dayanıqlı və sərfəli logistik əlaqə yaradacaq. Eyni zamanda, Orta Dəhliz modelinin regionda davamlı və effektiv nəqliyyat sistemi kimi inkişaf etdirildiyini diqqətə çatdırıb.
Comments
Post a Comment