

Bakıda sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə həftəsonları keçiriləcək “Mövsüm yarmarkası” fəaliyyətə başlayacaq.
Yarmarkanın əsas məqsədi yerli fermerlərin istehsal etdiyi məhsulların birbaşa bazara çıxarılmasını dəstəkləmək, onlara alternativ satış nöqtələri yaratmaq və paytaxt sakinlərinin təbii, yerli və sağlam kənd təsərrüfatı məhsullarına daha asan çıxışını təmin etməkdir.
Tədbirdə ölkənin təxminən 30-a yaxın regionundan gələn 55-ə yaxın fermer iştirak edəcək və ümumilikdə 120-yə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsulu alıcılara təqdim olunacaq. Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, vətəndaşlar məhsulla bağlı istənilən sual üçün ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına müraciət edərək analiz verdirmək imkanı əldə edəcəklər.
Yarmarka hər həftəsonu 09:00–19:00 saatlarında Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında, “Gənclik” metro stansiyasının yanında təşkil olunacaq. Fermerlər üçün piştaxta, tərəzi və zəruri avadanlıqlar tam ödənişsiz təqdim ediləcək ki, bu da onların əlavə xərclər olmadan məhsullarını birbaşa alıcılara təklif etməsinə şərait yaradacaq.
Comments
Post a Comment