

Noyabrın 29-da Bakıda Azərbaycan Qiymətləndiricilər Palatasının təşkilatçılığı ilə qiymətləndirmə sahəsində beynəlxalq səviyyədə əhəmiyyətli forum təşkil olunacaq. Palatadan bildirilib ki, tədbirdə müxtəlif ölkələrdən qiymətləndirmə palatalarının və cəmiyyətlərinin rəhbər şəxsləri iştirak edəcək.
Forumda Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov, Ankara Universitetinin professoru və beynəlxalq ekspert Harun Tanrıvermiş, Gürcüstan Qiymətləndiricilər Assosiasiyasının prezidenti Nino Beraia, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov və Qazaxıstan Milli Qiymətləndirmə Palatasının rəhbəri Mirzabek Amanbayev mühazirələr verəcəklər.
Tədbirin sonunda beş yeni istiqamətdə beynəlxalq standartlar əsasında milli qiymətləndirmə standartlarının formalaşdırılması, regional əməkdaşlıq imkanları, 2026-2027-ci illər üçün ortaq standart proqramı və “Bakı Bəyannaməsi” layihəsi üzrə dəyirmi masa keçiriləcək.
Bu forumun məqsədi milli qiymətləndirmə standartlarının beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərlə uyğunlaşdırılması və sahədə olan əməkdaşlığın möhkəmləndirilməsidir.
Comments
Post a Comment