

Bakıda keçirilən “Mədəniyyət və hüquq: Müasir çağırışlar Forumu” çərçivəsində eyni adlı panel sessiyası təşkil olunub. Paneldə alimlər, deputatlar, kulturoloqlar və sənət adamları mədəniyyət anlayışının hüquqi dövlət quruculuğu, insan hüquqları və müasir qlobal proseslərlə əlaqəsini müzakirə ediblər. Tədbir həm də Azərbaycanda mədəniyyət siyasətinin aktuallığını, qanunvericiliklə mədəni inkişafın uyğunlaşdırılması ehtiyacını gündəmə gətirib.
Mədəniyyət, sivilizasiya və dilin rolu
Kulturoloq, professor Fuad Məmmədov çıxışında qeyd edib ki, elmi ədəbiyyatda mədəniyyətə verilən təriflərin sayı minə yaxınlaşır və bu, anlayışın çoxşaxəli mahiyyətindən irəli gəlir. O, mədəniyyətin sosial sistem kimi dərk olunmasının, cəmiyyətdə yayılmasının və gündəlik həyatın bütün sahələrinə nüfuz etməsinin vacibliyini vurğulayıb. Məmmədov sivilizasiyanı mədəniyyət və anti-mədəniyyət elementlərinin vəhdəti kimi izah edərək, mədəniyyətin insanın dərketmə prosesini, maddi dəyərlər və sosial normalar məcmusunu özündə ehtiva etdiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nizami Cəfərov paneldə dil, mədəniyyət və hüququn paralel inkişafının milli dövlətçilik üçün həlledici olduğuna diqqət çəkib. O, tarixi yaddaşa, ana dilinə və mədəni irsə sahib çıxmayan xalqın dayanıqlı inkişafının mümkünsüzlüyünü bildirib, milli dövlətçilik ənənələrinin XVI əsrin əvvəllərindən formalaşdığını xatırladıb. Cəfərovun sözlərinə görə, Azərbaycan mədəni prosesi deyildikdə Marağadan Dərbəndə qədər geniş ərazini əhatə edən tarixi-mədəni məkan nəzərdə tutulmalı, bu coğrafi çərçivə mədəni kimliyin ayrılmaz hissəsi kimi dərk olunmalıdır.
Qlobal çağırışlar və hüquqi aspektlər
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Nigar Axundova çıxışında qloballaşma fonunda mədəni mühitin həm müsbət inteqrasiya imkanlarına, həm də mənəvi deqradasiya risklərinə açıq olduğunu diqqətə çatdırıb. O, rəqəmsal mühit, kütləvi mədəniyyət və yeni media platformalarının estetik zövqə, milli musiqi ənənələrinə və yaradıcılığın keyfiyyətinə təsirini önə çəkib. Axundova bu proseslərin elmi təhlilinin və mədəniyyət sahəsində strateji qərarların hüquqi mexanizmlərlə dəstəklənməsinin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Erkin Qədirli paneldə Azərbaycanın türk, İslam və post-sovet məkanında xüsusi mövqeyə malik olduğunu bildirib və bu kontekstdə mədəniyyət anlayışının çoxşaxəli şəkildə formalaşa biləcəyini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan tarix boyu müxtəlif imperiyaların təsiri altında olsa da, bu dövlətlərin mədəni irsindən yalnız faydalı elementləri seçərək öz inkişaf modelinə uyğunlaşıdırmağa çalışıb. Qədirlinin sözlərinə görə, mədəni inkişaf tempi bir çox hallarda mövcud qanunvericilikdən geri qalır və bu səbəbdən mədəniyyət siyasətinin müasir çağırışlara uyğun yenilənməsi zəruridir.
Panelin sonunda iştirakçılar mədəniyyətə milli və qlobal baxışın uzlaşdırılması, Azərbaycan dilinin qorunması, mədəni müxtəlifliyin hüquqi tənzimlənməsi və yaradıcı sənayelərin dəstəklənməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələrdə həmçinin mədəniyyət diplomatiyasının, beynəlxalq festivalların və forumların Azərbaycanın yumşaq güc aləti kimi rolunun gücləndirilməsi məsələsi önə çəkilib.
Comments
Post a Comment