

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təzə ilin gəlişi ərəfəsində Yevlax şəhərində uşaqlar üçün xüsusi bayram tədbiri təşkil olunub. Sevinc dolu görüş şəhərdə yaşayan müxtəlif yaş qruplarından olan uşaqları bir araya gətirib.
Balacalara bayram hədiyyələri və sevinc dolu anlar
Tədbir çərçivəsində 30 uşağa velosipedlər və təhlükəsizlik ləvazimatları hədiyyə edilib. Bu unudulmaz bayram hədiyyələri uşaqlara təkcə fiziki fəallıq üçün yox, həm də yeni ilin başlanğıcında sevinc və motivasiya bəxş edib. Uşaqlar üçün qurulan oyun zonaları və interaktiv proqramlar sayəsində tədbir əsl Yeni il bayramına çevrilib.
Eyni zamanda, tədbir çərçivəsində IDEA İctimai Birliyinin nümayəndələri uşaqlara ətraf mühitin qorunması və sağlam həyat tərzi mövzularında qısa maarifləndirici söhbətlər aparıblar. Bu təşəbbüs həm uşaqlarda ekoloji dəyərlərin formalaşmasına, həm də məsuliyyət hissinin inkişafına xidmət edib.
Uşaqlara diqqət və qayğı davamlı təşəbbüslərin mərkəzində
Leyla Əliyevanın təşəbbüsü ilə həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda uşaq rifahına yönəlmiş sosial, humanitar, ekoloji və təhsil layihələri artan tempdə davam edir.
Xüsusilə bayram günlərində uşaq evlərində, internat məktəblərində və sağlamlıq problemi yaşayan uşaqlar üçün keçirilən tədbirlər hər il minlərlə balacanın üzünə təbəssüm bəxş edir.
Bu cür proqramların məqsədi himayədən məhrum və qayğıya ehtiyacı olan uşaqların sosial vəziyyətlərini yaxşılaşdırmaq, onların cəmiyyətə daha fəal inteqrasiyasını təmin etməkdir. Yevlaxda keçirilən bu tədbir də həmin uzunmüddətli strategiyanın bir parçası olaraq, uşaqlara Yeni il ərəfəsində unudulmaz bayram ovqatı bəxş edib.
Comments
Post a Comment