Noyabrda Azərbaycanda hansı məhsullar bahalaşıb, hansılar ucuzlaşıb?
Noyabr ayında Azərbaycanda həm ərzaq, həm də qeyri-qida məhsulları və ödənişli xidmətlərin qiymət dinamikasında fərqli istiqamətli dəyişikliklər qeydə alınıb. Əsas artımlar gündəlik istehlak səbətində mühüm yer tutan qida məhsulları, şəxsi xidmətlər və müəyyən istehlak mallarında müşahidə edilib.

Ərzaq bazarında qiymət dəyişiklikləri

Cari ilin noyabrında əvvəlki ayla müqayisədə daha çox bahalaşma qarabaşaq yarması, mal ətindən hazırlanan konservlər, balıq və balıq məhsulları, süd, yumurta, həmçinin armud, üzüm, qoz, fındıq, şabalıd kimi meyvə və qabıqlı məhsulların qiymətlərində müşahidə olunub. Eyni zamanda xiyar, pomidor, şirin bibər, badımcan, soğan, kartof kimi tərəvəzlərin, eləcə də qara və yaşıl çayın, alkoqollu içkilərin qiymətlərində də artım qeydə alınıb. Ucuzlaşma isə makaron, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, ağ kələm, müxtəlif göyərti növləri, balqabaq, lobya, süfrə çuğunduru və yerkökü kimi məhsullar üzrə qeyd edilib. Digər əsas qida məhsullarında isə ciddi qiymət dəyişiklikləri olmayıb.

Qeyri-qida məhsulları və ödənişli xidmətlər

2025-ci ilin noyabrında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarının cəmi üzrə isə ötən ilin müvafiq dövrünə nisbətən 102,6 faiz səviyyəsində olub. Bu qrupda daha çox bahalaşma şəxsi gigiyena vasitələri və zərgərlik məmulatlarında, nisbi ucuzlaşma isə məişət cihazlarının qiymətlərində özünü göstərib, digər qeyri-qida mallarının qiymətləri əsasən sabit qalıb. Ödənişli xidmətlər üzrə noyabr indeksi oktyabra nisbətən 100,3 faiz, ilin ilk 11 ayı üzrə isə ötən illə müqayisədə 106,6 faiz təşkil edib. Burada əsas qiymət artımı tibb, mərkəzləşdirilmiş istilik təchizatı və bərbərxana xidmətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərində qeydə alınıb, digər xidmət növlərində ciddi dəyişiklik müşahidə olunmayıb.

Comments

Popular posts from this blog