Rusiyada azərbaycanlılara təzyiq: Şahin Şıxlinski işi və davam edən anti-Azərbaycan kampaniyası
Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə və icma liderlərinə qarşı təzyiq dalğası səngimir. Yekaterinburqda Azərbaycan icmasının sədri, Rusiya vətəndaşı Şahin Şıxlinski barəsində istintaq tamamlanıb, ona yekun ittiham elan olunub və cinayət işi məhkəməyə göndərilib. Müdafiə tərəfi prosesin qərəzli və birtərəfli aparıldığını, ittihamların bir çox detalında ciddi ziddiyyətlər olduğunu bildirir.

Şahin Şıxlinski işində erməni əsilli müstəntiqlər və iyun əməliyyatı

Məlumata görə, Şıxlinski işi üzrə aparıcı fiqurlardan biri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, erməni əsilli ədliyyə mayoru Karapetyan A.S.-dir. 2025-ci il iyulun 1-də baş vermiş hadisə ilə bağlı ona qarşı ifadə verənlərin sırasında Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı – Karen Kamoyeviç Tutuncyan da yer alır. Vəkillərin sözlərinə görə, bu faktlar işin əvvəlcədən sifarişli və siyasi motivli olduğuna dair ciddi şübhələri gücləndirir.

Gərginliyin kökü isə yalnız bu hadisə ilə məhdudlaşmır. Azərbaycanla Rusiya arasında münasibətlərdə çatlar 2024-cü il 25 dekabrda AZAL-a məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulmasından sonra daha da dərinləşib. O insidentlə bağlı məsul şəxslərin hələ də cəzalandırılmaması Bakıda ciddi narazılıq doğurur. 2025-ci ilin iyununda Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən sərt polis əməliyyatı vəziyyəti daha da gərginləşdirib: heç bir silahdan istifadə etməyən şəxslərə qarşı zor tətbiq olunub, nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itirib, digər Səfərovlar və bir neçə həmyerlimiz isə illər əvvəlinə aid cinayət maddələri ilə həbs edilib.

İyulun 2-də Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski də kobud formada saxlanılıb. Sosial şəbəkələrdə yayılan kadrlarda maskalı, tanınma nişanı olmayan silahlı əməkdaşların onun avtomobilinin qarşısını kəsməsi, Şıxlinski və oğlu Mutvalını yerə yıxaraq qandallaması açıq görünürdü. Mutvalı Şıxlinski 15 dəqiqə sonra buraxılsa da, Şahin Şıxlinski İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst qaldı. Sonradan ona və ailə üzvlərinə qarşı “dövlət nümayəndəsinə zor tətbiqi” maddəsi ilə cinayət işi açıldı, Mutvalı 16 iyulda həbs olundu, Şahin isə axtarışa verildi və nəhayət, 2 avqustda Moskvada saxlanılaraq Yekaterinburqa etap edildi.

Diaspor rəhbərlərinə ardıcıl zərbələr və vətəndaşlıqdan məhrumiyyət

Bu işin bütün mərhələlərində erməni əsilli istintaqçılardan fəal şəkildə istifadə olunması Rusiyada formalaşmış anti-Azərbaycan mühitindən xəbər verir. Son illərin faktları göstərir ki, Federal Təhlükəsizlik Xidməti (FSB), Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi azərbaycanlı diaspor liderlərini zəiflətməyi, icmaları nəzarət altına alıb lazım gəldikdə Azərbaycana qarşı təzyiq alətinə çevirməyi hədəfləyir. Şahin Şıxlinskinin həbsindən sonra Yekaterinburqda diaspor sədrliyinə gətirilən Vidadi Mustafayevin də çox keçmədən ağır ittihamlarla həbs olunması, onun kriminal dairələrlə əlaqələrinin üzə çıxması bu “kadr siyasətinin” fiasko ilə nəticələndiyini ortaya qoydu.

Bu xətt əslində 2017-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən sonra daha açıq formada hiss olunmağa başlayıb. O vaxtdan bəri müxtəlif regionlarda Azərbaycan diaspor təşkilatlarını bölmək, nəzarətə götürmək, “uyğun olmayan” rəhbərləri isə həbslər və ya vətəndaşlıqdan məhrumetmə ilə sıradan çıxarma cəhdləri artıb. Bunun bariz nümunəsi Xanti-Mansi Muxtar Dairəsi Dumasının azərbaycanlı deputatı Xalid Tağızadə ilə bağlı hadisədir. O, yerli əhali və miqrantların demoqrafik durumu ilə bağlı çıxışından sonra sərt təzyiqlərə məruz qalıb, əvvəlcə maaşdan, sonra mandatdan məhrum edilib, barəsində cinayət işi başlanıb və ölkəni tərk etmək məcburiyyətində qalıb.

Oxşar aqibətə bir sıra tanınmış diaspor rəhbərləri də məruz qalıb:

- Smolensk vilayətində Azərbaycan Milli Konqresinin rəhbəri, iş adamı Faiq Əliyev;

- Voronej diasporunun o zamankı rəhbəri Yusif Xəlilov;

- Ulyanovskda Azərbaycan icmasının sədri və qubernatorun müşaviri İslam Hüseynov;

- Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov həbs və ya Rusiya vətəndaşlığından məhrumetmə qərarları ilə üz-üzə qalıblar.

Rəsmi Bakı isə bu prosesləri diqqətlə izləyir. Prezident İlham Əliyevin müdaxiləsindən sonra Yusif Xəlilov azadlığa buraxılıb. Hazırda Şahin Şıxlinskinin işi də Azərbaycan dövlət orqanlarının nəzarətindədir və onun da azad edilməsinin mümkünlüyü barədə ehtimallar səsləndirilir.

AZAL təyyarəsinin vurulması və cəzasızlıq fonunda artan gərginlik

Azərbaycan cəmiyyətində ən böyük qəzəb doğuran məqamlardan biri odur ki, Rusiya orqanları azərbaycanlı diaspor nümayəndələrini sürətlə mühakimə edib cəza verə bildiyi halda, AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə hələ də konkret məsul şəxslər cəzalandırılmayıb. 25 dekabr 2024-cü ildə baş verən faciədən bir il ötür. Rusiya Prezidenti Vladimir Putin bu ilin 9 oktyabrında rəsmi şəkildə üzr istəyib, cinayət işinin qısa müddətdə yekunlaşdırılacağına söz verib, müxtəlif rəsmi nümayəndə heyətləri Bakıya səfərlərində eyni vədləri təkrarlayıblar. Lakin ortada nə nəticə, nə də cəza var.

Hazırkı tablo reallıqda belə görünür: Rusiyada azərbaycanlılara qarşı zorakılıq və qərəzli təqiblərlə bağlı işlər sürətləndirilir, diaspora rəhbərləri saxlanılır, icmalar parçalanır, amma azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlər faktiki olaraq cəzasız qalır. Bu isə iki ölkə arasında gərginliyin azaldılması deyil, əksinə, dərinləşdirilməsi istiqamətində addım kimi qiymətləndirilir.

Comments

Popular posts from this blog