

2026-cı il ərzində Xocavənd şəhərində yüzlərlə yaşayış evinin yenidən qurulması nəzərdə tutulur. Rəsmi məlumata görə, cari ildə 792 fərdi evin təmir edilərək istismara hazır vəziyyətə gətirilməsi planlaşdırılıb.
Bu barədə jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli məlumat verib.
O bildirib ki, Xocavənd rayonunun ümumi ərazisi 1,51 min kvadrat kilometr, əhalisi isə 12,5 min nəfərdir. Rayonun inzibati ərazisinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir.
Böyük Qayıdış çərçivəsində bərpa işləri
Fidan Məmmədlinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi mərhələli şəkildə davam etdirilir. Hazırda Xocavənd şəhərində 980 fərdi ev mövcuddur. Onlardan 133-ü yararsız vəziyyətdədir, 847-si isə qismən yararlıdır.
Qismən yararlı evlərdən 55-i artıq tam hazır vəziyyətə gətirilib. Bu il isə əlavə olaraq 792 evin təmiri həyata keçiriləcək. Böyük Qayıdış proqramına uyğun olaraq, ötən ilin sentyabrından etibarən rayona sakinlərin mərhələli şəkildə köçürülməsi başlanılıb.
İndiyədək beş yaşayış məntəqəsinə ümumilikdə 355 ailə – 1485 nəfər qayıdıb. Onların arasında Xocavənd şəhəri, Hadrut qəsəbəsi, Sos kəndi, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndi var.
Qeyd edək ki, fevralın 25-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva Xocavənd şəhərində görülən bərpa və quruculuq işləri ilə tanış olublar.
Comments
Post a Comment