Hüseyn Həsənovun milyonluq vergi işi: 300 milyon rubl ödəniş edilib
Çirkli pulların leqallaşdırılması ittihamı ilə gündəmdə olan azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənovun vergi borcu ilə bağlı yeni detallar açıqlanıb.

Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov hələ 2024-cü ildə 170 milyon rubl (təxminən 4 milyon manat) məbləğində vergi borcunu tam şəkildə ödəyib. Vəkilin sözlərinə görə, əsas borcla yanaşı, hesablanmış cərimə və sanksiyalar da ödənilib.

“Hüseyn Həsənov 170 milyon rubl vergi borcunu ödəyib, cərimə və faizlərlə birlikdə ümumi məbləğ təxminən 300 milyon rubla (7 milyon manata yaxın) çatıb”, – deyə Yusupov qeyd edib.

Qiyabi həbs və irəli sürülən ittiham

Hazırda Moskvanın Presnenski Məhkəməsində Həsənov barəsində qiyabi cinayət işi araşdırılır. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi üzrə – cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması (yuyulması) ittihamı irəli sürülüb. Bloqer qiyabi qaydada həbs edilib və beynəlxalq axtarışa verilib.

İstintaqın məlumatına əsasən, fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənov 170 milyon rubldan artıq vergi öhdəliyini yerinə yetirməyib. İddialara görə, həmin vəsaitlərin qanuni mənbədən əldə olunmuş kimi göstərilməsi məqsədilə müxtəlif maliyyə əməliyyatları aparılıb, o cümlədən Moskvanın 1-ci Krasnoqvardeysk küçəsində ümumi dəyəri 68 milyon rubldan (təxminən 1,5 milyon manat) artıq olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi bağlanıb.

Bununla belə, Hüseyn Həsənov özünü təqsirli hesab etmir. “Müvəkkilimiz irəli sürülən ittihamları qəbul etmir”, – deyə vəkil vurğulayıb.

Comments

Popular posts from this blog