

Tanınmış müğənni Berdan Mardini doğulub boya-başa çatdığı torpaqlara olan vəfasını böyük bir investisiya layihəsi ilə sübut edib. Sənətçi cəmi 78 evin olduğu kiçik bir kənddə müasir istehsalat müəssisəsi quraraq həm bölgə iqtisadiyyatına, həm də sosial rifaha mühüm töhfə verib.
Mardini 2016-cı ildən start verdiyi bu nəhəng layihəni reallaşdırmaq üçün bütün şəxsi mülkiyyətini fəda etdiyini gizlətməyib. O, bu yolda qarşılaşdığı çətinliklərdən danışarkən bunları deyib:
"Bütün var-dövlətimi bu işə yatırmışam. Bu layihəni ərsəyə gətirmək üçün evlərimi, avtomobillərimi belə satdım".
Ümumi dəyəri təxminən 10 milyon dollar olan bu sərmayə ictimaiyyət tərəfindən böyük maraq və bir qədər də heyrətlə qarşılanıb. Müğənninin sözlərinə görə, ətrafındakı bir çox insan belə böyük riskə girməyi ağlasığmaz addım hesab edib. Lakin o, qətiyyətindən dönməyərək əsasən qızılgül emalına əsaslanan bir sənaye obyekti yaradıb. Müəssisədə xüsusi "Rose damascena" növlü güllərin yetişdirilməsi və onlardan qızılgül yağı, ətirlər, həmçinin ekzotik qızılgüllü limonad kimi müxtəlif məhsulların istehsalı nəzərdə tutulur.
Layihənin yalnız biznes deyil, həm də mühüm bir sosial missiya daşıdığını bildirən ifaçı əsas hədəfinin regiondan paytaxta və digər iri şəhərlərə köçün qarşısını almaq olduğunu vurğulayıb. O, öz ideologiyasını bu sözlərlə ifadə edib:
"Arzum budur ki, insanlar kənar yerlərə getməsin, öz doğma yurdlarında firavan yaşasınlar... Bu layihədə mənim üçün ən vacib məqamlardan biri qadınların işlə təmin olunması və onların məşğulluğunun artırılmasıdır".
Gözləntilərə görə, zavod tam istehsal gücü ilə işləməyə başladıqda ərazidə təxminən 450-500 nəfər üçün yeni iş imkanları yaranacaq ki, bu da bölgənin simasını tamamilə dəyişəcək. https://daylinews-az.com/meshur-senetci-butun-servetini-kendine-yatirdi-10-milyonluq-zavodun-heyretamiz-hekayesi/
Comments
Post a Comment