

Bu gün Azərbaycan muğam və kamança sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Habil Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Milli musiqimizin dünyada tanınmasında böyük rol oynayan sənətkar özünəməxsus ifa tərzi ilə Azərbaycan kamança məktəbinin ən parlaq simalarından biri hesab edilir.
1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gələn Habil Əliyev uşaqlıq illərindən musiqiyə böyük maraq göstərib. O, həm ümumtəhsil məktəbində, həm də musiqi məktəbində təhsil alıb, daha sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda kamança ixtisası üzrə təhsilini davam etdirib.
Muğam sənətinə yeni nəfəs gətirən ifaçı
Habil Əliyev gənc yaşlarından muğam sənətinin incəliklərini məşhur tarzən Qurban Pirimov və xanəndə Xan Şuşinski kimi sənətkarlardan öyrənib. Onun ifasında “Segah”, “Bayatı-Şiraz”, “Rast”, “Şur” və digər muğamlar yeni üslub və improvizasiya imkanları qazanıb.
Sənətkar uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. O, həmçinin dünyanın bir çox ölkəsində – ABŞ, Fransa, Yaponiya, Türkiyə, Almaniya və digər dövlətlərdə konsert proqramları ilə çıxış edib.
1960-cı illərdə Böyük Britaniyada keçirilən çıxışlarından sonra xarici mətbuat Habil Əliyevi “Azərbaycanın Paqanini”si adlandırmışdı. Bu ad onun virtuoz ifaçılıq qabiliyyətinə verilən ən böyük qiymətlərdən biri sayılır.
https://youtu.be/fkJ5mppif1Q?list=RDfkJ5mppif1Q&t=43
Habil Əliyevin repertuarında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” kimi xalq mahnıları xüsusi yer tuturdu. Musiqişünaslar qeyd edirlər ki, onun ifa məktəbi sonrakı nəsil kamança ifaçılarına ciddi təsir göstərib.
Sənətkar “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına layiq görülüb, həmçinin “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Comments
Post a Comment