

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 108 il ötür. Müsəlman Şərqində ilk parlamentli və dünyəvi demokratik respublika kimi tarixə düşən AXC Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri hesab olunur.
Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilmiş ərazilərdə də xüsusi təntənə ilə qeyd edilir. Qarabağ və Şərqi Zəngəzurda keçirilən tədbirlər müstəqilliyin ölkənin bütün ərazilərində bərpa olunmasının rəmzi kimi qiymətləndirilir.
Azərbaycan Xalq Cümhuriyyəti necə yarandı?
1917-ci ildə Rusiyada baş verən Fevral inqilabından sonra imperiyanın dağılması bölgədə milli azadlıq hərəkatlarını gücləndirdi. Məhz bu proseslərin nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Cümhuriyyət türk və İslam dünyasında ilk demokratik parlament respublikası oldu. Dövlətin ilk hökumət başçısı isə Fətəli xan Xoyski idi.
Milli Şura əvvəlcə Tiflisdə fəaliyyət göstərsə də, daha sonra Gəncəyə köçürüldü. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik qüvvələrindən azad etməsindən sonra hökumət paytaxta köçdü.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC dövlət quruculuğu sahəsində mühüm addımlar atdı. Həmin dövrdə qadınlara seçki hüququ verildi, milli ordu yaradıldı, milli valyuta dövriyyəyə buraxıldı və demokratik idarəçilik prinsipləri tətbiq olundu.
Müstəqillik ənənəsi 1991-ci ildə yenidən bərpa edildi
1918-ci il noyabrın 9-da üçrəngli Azərbaycan bayrağı qəbul edildi. Bu bayraq sonradan müstəqil Azərbaycanın əsas dövlət rəmzinə çevrildi.
1920-ci ildə bolşevik Rusiyasının işğalından sonra Azərbaycan müstəqilliyini itirsə də, istiqlal ideyası xalqın yaddaşından silinmədi. 1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi.
2021-ci ildə qəbul edilən yeni qanuna əsasən, 28 May Respublika Günü deyil, rəsmi olaraq Müstəqillik Günü adlandırıldı. Həmin ildən etibarən bu tarix ölkədə yeni statusla qeyd olunur.
Comments
Post a Comment