Sosial şəbəkələrdə yeni “bal artırma” tələsi: valideynləri necə aldadırlar?
Sosial şəbəkələrdə imtahan nəticələrini artırmaq adı altında fəaliyyət göstərən dələduzlar yenidən aktivləşib. Xüsusilə “TikTok” və “Instagram” platformalarında yayılan saxta elanlar abituriyentlər və onların valideynləri arasında narahatlıq yaradıb.

Paylaşımlarda “imtahan balını artırırıq”, “magistratura və dövlət qulluğu imtahanlarına dəstək veririk” kimi vədlər səsləndirilir. Həmin şəxslər müəyyən məbləğ qarşılığında nəticələrə müdaxilə edə bildiklərini iddia edirlər. Əsas hədəf isə imtahandan aşağı nəticə göstərən abituriyentlər və çıxış yolu axtaran ailələrdir.

Ekspertlər xəbərdarlıq edir

Təhsil eksperti Ramin Nuralıyev bildirib ki, bu cür iddiaların heç bir real əsası yoxdur və insanlar belə təkliflərə aldanmamalıdır:

“Abituriyentin imtahan nəticəsinə sonradan təsir etmək mümkün deyil. Təəssüf ki, bəzi valideynlər övladlarının aşağı bal toplamasından istifadə edən şəxslərə inanaraq pul ödəyirlər. Daha sonra həmin saxta hesablar yoxa çıxır. Vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi də vətəndaşlara xəbərdarlıq edib. Qurum qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu cür çağırışlar tamamilə dələduzluq xarakteri daşıyır və məqsəd insanlardan qanunsuz yollarla pul toplamaqdır.

https://youtu.be/cK0k0R2B5iE

Mütəxəssislərin sözlərinə görə, dələduzlar etibarlı görünmək üçün saxta profillər yaradır, paylaşım altına “bizə kömək etdilər”, “balımız artdı” kimi şərhlər yazırlar. Bu üsulla valideynlərdə və abituriyentlərdə inam formalaşdırmağa çalışırlar.

Ekspertlər xüsusilə bank kartı məlumatlarının, şəxsiyyət vəsiqəsi şəkillərinin və digər şəxsi məlumatların belə şəxslərə göndərilməsinin ciddi təhlükə yaratdığını vurğulayırlar.

Son günlər qəbul imtahanları mövzusu gündəmdə olduğu üçün sosial şəbəkələrdə bu tip saxta elanların sayı da artıb. Mütəxəssislər vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa və qanunsuz yollarla nəticə dəyişdirməyin mümkün olmadığını nəzərə almağa çağırırlar.

Comments

Popular posts from this blog