

UEFA Çempionlar Liqasının finalında PSJ və “Arsenal” arasında baş tutan möhtəşəm qarşılaşma dramatik sonluqla yadda qalıb. Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün kubokun sahibi penaltilər seriyasında bəlli olub. Daha soyuqqanlı çıxış edən Paris klubu qələbə qazanaraq ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi adını əldə edib.
Görüşə sürətli başlayan London təmsilçisi artıq 6-cı dəqiqədə hesabda önə keçib. Kai Havertsin dəqiq zərbəsi “Arsenal”ı üstün vəziyyətə gətirib. Erkən qoldan sonra Mikel Artetanın komandası daha çox müdafiəyə çəkilərək rəqibin hücumlarının qarşısını almağa çalışıb.
Dembele tarazlığı bərpa etdi
Topa nəzarətdə aşkar üstünlük qazanan PSJ uzun müddət müdafiəni yarmaqda çətinlik çəksə də, ikinci hissədə məqsədinə çatıb. Moskera cərimə meydançasında qayda pozuntusuna yol verdikdən sonra təyin olunan penaltini Usman Dembele dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Qalan dəqiqələrdə və əlavə vaxtda hər iki komanda qol fürsətləri yaratsa da, hesab dəyişməyib. Beləliklə, qalib penaltilər seriyasında müəyyənləşib.
Seriyada ilk uğursuzluq “Arsenal”ın heyətində Ebereçi Ezenin payına düşüb. David Raya daha sonra Nuno Mendeşin zərbəsini qaytararaq komandasına ümid versə də, Qabrielin qaçırdığı penalti həlledici olub. Nəticədə PSJ kuboku başı üzərinə qaldırıb.
UEFA Çempionlar Liqasının finalı
PSJ – Arsenal 1:1 (penaltilər seriyası 4:3)
Qollar: Dembele, 65 (pen.) – Haverts, 6
https://youtu.be/Kbgc2kUYWAo https://daylinews-az.com/psj-yeniden-avropanin-zirvesinde-arsenal-penaltilerde-teslim-oldu/
Comments
Post a Comment