

Hər il iyunun 3-də dünyada Dünya Velosiped Günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2018-ci ildə təsis edilən bu tarix velosipedin gündəlik həyatda, nəqliyyatda və sağlam həyat tərzinin formalaşmasında roluna diqqət çəkmək məqsədi daşıyır.
Dünya Velosiped Gününün təsis olunması təşəbbüsü ilk dəfə Türkmənistan tərəfindən irəli sürülüb və sonradan onlarla ölkənin dəstəyi ilə qəbul edilib. Bu gün velosiped yalnız idman vasitəsi deyil, həm də şəhər nəqliyyatının vacib hissəsi hesab olunur.
Velosiped istifadəsi niyə təşviq olunur?
Mütəxəssislərin fikrincə, velosiped ən qənaətcil və ekoloji təmiz nəqliyyat vasitələrindən biridir. O, atmosferə zərərli qazlar buraxmır, küçə səs-küyünü azaltmağa kömək edir və insanların fiziki aktivliyini artırır.
Avropada qəbul olunan velosiped strategiyalarına əsasən, 2030-cu ilə qədər velosiped istifadəçilərinin və velosiped səfərlərinin sayının iki dəfə artacağı gözlənilir. Bir çox ölkələrdə yeni velosiped zolaqları salınır, dayanacaqlar yaradılır və şəhər nəqliyyatında velosipedlərə daha çox üstünlük verilir.
Azərbaycanda da velosiped mədəniyyəti inkişaf edir
Son illərdə Bakıda və digər şəhərlərdə velosiped infrastrukturunun genişləndirilməsi istiqamətində addımlar atılır. Yeni salınan parklarda velosiped yolları yaradılır, kirayə velosiped xidmətləri genişlənir, iri ticarət mərkəzlərində və ictimai məkanlarda xüsusi parklanma sahələri təşkil olunur.
Ölkədə mütəmadi olaraq velosiped yarışları, kütləvi yürüşlər və maarifləndirici tədbirlər keçirilir. Bu təşəbbüslərin əsas məqsədi sağlam həyat tərzinin təşviqi və ekoloji nəqliyyat vasitələrinin populyarlaşdırılmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yol nəqliyyatı ilə əlaqəli hava çirklənməsi hər il Avropada yüz minlərlə insanın sağlamlığına mənfi təsir göstərir. Velosiped istifadəsinin artması isə həm havanın keyfiyyətinin yaxşılaşmasına, həm də yol-nəqliyyat hadisələrinin azalmasına töhfə verə bilər.
Comments
Post a Comment