

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının ən sevilən əsərlərindən biri olan Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” povesti əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Alona Əliyeva iştirak edərək tamaşanı izləyiblər. Məşhur əsərin səhnə versiyası dostluq, sevgi, məsuliyyət və insan münasibətləri kimi dəyərləri özündə əks etdirərək fərqli yaş qruplarına xitab edir.
Tanınmış yaradıcı heyət səhnə əsərinə həyat verib
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı isə Məryəm Ələkbərli olub. Xoreoqrafiya Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsaya həvalə edilib. Baletmeyster kimi Əməkdar artistlər Zakir və Yelena Ağayevlər çıxış ediblər.
Səhnə əsərinin bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırova olub. Tamaşada teatrın tanınmış aktyorları ilə yanaşı, balet artistləri də iştirak ediblər.
Şəhid övladı “Balaca şahzadə” obrazında
Tamaşanın diqqət çəkən məqamlarından biri də baş rolun 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyev tərəfindən canlandırılması olub. Onun ifası tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Səhnə əsərində Faiq Mirzəyev, Əmrah Dadaşov, Hüseyn Əlili, Rauf Babayev, Ruslan Mürsəlov, Zaur Əliyev, Nuray Məmmədzadə və Murad Əliyev kimi aktyorlar müxtəlif obrazları canlandırıblar. Qeyd edək ki, “Balaca şahzadə” tamaşası ilk dəfə 2019-cu ildə Leyla Əliyevanın dəstəyi ilə səhnələşdirilib və bu gün də repertuarın ən çox maraq doğuran tamaşalarından biri hesab olunur.
Comments
Post a Comment