Son illərdə ölkədəki iqtisadi çətinliklər, iş yerlərində ixtisarlar və gözlənilməz maliyyə problemləri bir çox vətəndaşı çətin vəziyyətə salıb. Xüsusilə banklara kredit borcu olan və işsiz qalan şəxslər üçün vəziyyət daha da ağırlaşır. Kredit ödənişlərini vaxtında etmək mümkün olmadıqda, cərimələr artır, borc yükü ağırlaşır və nəticədə maliyyə böhranı qaçılmaz olur.

İşsiz qalan və krediti olan şəxslər nə etməlidirlər?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov, daylinews-az.com-a verdiyi açıqlamada bildirdi ki, bu hallarda güzəşt etmək bankların öz seçimindən asılıdır:

"Borcu olub, işsiz qalan şəxs ancaq bankdan xahiş edə bilər, qarşı tərəfin də güzəştə gedib-getməyəcəyi məlum deyil. Əksər hallarda kredit götürən şəxs girov və ya zamin təminatı ilə borc alır. Belə olan halda borc ödənilmədikdə bank dərhal məhkəməyə müraciət edir."

Hüquqşünas qeyd edir ki, prosesin qanuni tənzimlənməsi yoxdur və bu, mümkünsüzdür. Çünki belə bir qanun qəbul edilsə, suistifadə halları arta bilər. Yəni, borclu şəxs qeyri-rəsmi işdə çalışaraq borcunu ödəməkdən yayına bilər ki, bu da bankların maraqlarına uyğun deyil. Həmçinin, kredit almaq şərtləri daha da sərtləşər.

Banklarda işsiz qalanlara güzəşt olunurmu?

Məsələ ilə bağlı Unibank-la əlaqə saxlanılıb. Bankdan bildirilib ki, müştəri iş yerini itirdiyi üçün kredit ödənişində çətinlik çəkərsə, banka müraciət etdiyi halda kreditin restrukturizasiyası mümkündür. Bu proses kreditin ödəniş müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və hətta borcun bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirləri əhatə edə bilər.

"Bu zaman müştəriyə 60 aydan çox olmamaqla, qalıq kredit məbləği qədər yeni kredit limiti ayrılır. Kreditin yenilənməsi zamanı müştərinin digər banklardakı kredit öhdəlikləri nəzərə alınmır. Restrukturizasiya sayəsində kreditin müddətinin uzadılması ilə aylıq ödəniş məbləği azaldılır. Güzəşt olaraq müştəri ilk 3 ay yalnız kreditin faiz məbləğini ödəyir, əsas məbləğə toxunulmur. Eyni zamanda, əvvəlki kreditin şərtlərindən asılı olaraq, faiz dərəcəsinin aşağı salınması da mümkündür."

Nə etmək lazımdır?

Görünür, banklar güzəşt etməkdə sərbəstdirlər və hər bir müraciəti fərdi qaydada dəyərləndirirlər. Bəzi banklar kredit ödənişlərini yüngülləşdirmək üçün restrukturizasiya imkanı təklif edirlər ki, bu da borclulara müəyyən qədər rahatlıq yaradır.

İşsiz qalan şəxslər ilk növbədə bankla əlaqə saxlayıb güzəşt və ya ödəniş planında dəyişiklik tələb etməlidirlər. Həmçinin, yeni iş yeri axtarışında fəal olmaq və alternativ gəlir mənbələri tapmağa çalışmaq vacibdir. Maliyyə çətinliklərindən çıxış yolu tapmaq üçün düzgün strategiya və vaxtında atılan addımlar mühüm rol oynayır. https://daylinews-az.com/?p=4729

Comments

Popular posts from this blog